Unibank ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.
Kapitallaşma proqramı iki komponentdən ibarətdir:
-Əlavə səhm buraxılışı ilə
-Subordinasiya borcunun cəlb olunması yolu ilə
Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, avqust ayında kapitallaşma prosesinn birinci mərhələsinin uğurla həyata keçirilməsi nəticəsində hazırda bankın nizamnamə kapitalı 142 milyon 586 min 357 manata çatıb.
Avqust ayında uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafını təmin edib. Maliyyə nəticələrinə əsasən, üçüncü rübün yekununda “Unibank”ın aktivlərinın həcmi ilin əvvəli ilə müqayisədə 27% artaraq, 1 milyard 319 milyon manat təşkil edib. Bu dövrdə Bankın məcmu kapitalı 122 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 16 milyon manat çoxdur. Qeyd edək ki, sentyabrın sonuna Bankın məcmu kapitalının məbləği tələb olunan requlyativ adekvatlıq normativi məbləğindən 23.4 milyon manat artıqdır.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.