Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası Unibankın təminat verdiyi və “METAK” MMC tərəfindən buraxılan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiyasını dövlət qeydiyyatına alıb. "METAK" MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya şirkəti həyata keçirəcək. Qeyd edək ki, emissiya həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
METAK istiqrazları müəyyən edilmiş dövrlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda qoyulmuş ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. Mövcud uçot dərəcəsi və bankların təklif etdiyi əmanətlər üzrə faizlərə nəzərən, METAK istiqrazları yüksək gəlirlililiyinə görə, ən yaxşı investisiya alətlərindən biri kimi dəyərləndirilir. Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. İstiqrazların likvidliyi də yüksəkdir. Belə ki, ayda bir dəfə olmaqla, hər bir alıcı istiqrazlarını Unibanka geri satmaq imkanı əldə edəcək. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və METAK çıxış edir. İstiqrazları Unicapital İnvestisiya Şirkətinin vasitəsi ilə almaq mümkündür. Hər kəs METAK istiqrazlarını əldə edə bilər.