“Unibank” KB ASC tərəfindən
27.01.2022-ci il tarixində emissiya edilən 20 milyon manatlıq manat
istiqrazları üzrə əsas məbləğin və sonuncu kupon məbləğinin ödənişi həyata keçirilib.
Sonuncu kupon məbləği 450 000 manat təşkil edib. Ümumilikdə 18 ay ərzində
kupon ödənişlərinin miqdarı 2 milyon 700 min manat həcmində hesablanıb və müştərilərin
hesablarına köçürülüb. İstiqrazların alıcılarına tədavül müddətinin sonunda
ümumilikdə 20 milyon 450 min manat ödənilib.
Qeyd edək ki, sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 ay idi. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınmışdı. Yüksək likvidliyə malik manat istiqrazları hərrac prosesində yüksək maraqla qarşılanmışdı.
Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
“Unibank” KB ASC-nin bütün
istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə
keçirilib. Premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan
Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati,
maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi
yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən emitentlərin qiymətli
kağızları ticarət olunur.